
Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə məlumatların verilməsi qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci hissəsi ilə tənzimlənir. Sorğunuzda qeyd olunan “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”ların sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır.
Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilmir. Belə ki, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən, bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.
Əsas: Vergi Məcəlləsinin 49.1-2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə.
en
ru
tr