Vergi ödəyicilərinin məlumatlandırılması haqqında bildiriş

Vergi Məcəlləsinin 72-ci maddəsinə əsasən Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.
Vergi Məcəlləsinin 169-cu maddəsinin müddəalarına və mövcud inzibatçılıq qaydalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunan əməliyyat sayılır ki, bu əməliyyatlar da ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisi tərəfindən “ƏDV-nin bəyannaməsi”ndə, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən vergi ödəyicisi tərəfindən isə “ƏDV məqsədləri üçün qeydiyyata alınmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi”ndə əks etdirilir.
Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.
Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 yanvar 2023-cü il tarixli 2317040100066100 nömrəli əmri ilə təsdiq edilmiş “ƏDV-nin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”na əsasən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatları “ƏDV-nin bəyannaməsi”nin 306-cı sətrinin, o cümlədən 306.1-306.3-cü alt sətirlərinin, Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentə ödənilmiş məbləğlər 312-ci sətrinin müvafiq xanalarında əks etdirilir və 312-ci sətrinin açıqlaması isə bəyannamənin 7 nömrəli əlavəsində qeyd edilir.
Aparılan araşdırmalar zamanı əksər hallarda mövcud vergi qanunvericiliyi və inzibatçılığına əməl edilmədiyi, nəticədə zəruri məlumatların aidiyyəti bəyannamələrdə düzgün əks etdirilmədiyi, tələb olunan bəyannamələrin təqdim edilmədiyi və ya təqdim edilsə də vaxtında təqdim edilmədiyi müəyyən edilmişdir.
Qeyd olunanlar məlumat və nəzarət üçün bildirilir!