Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?

Son dövrlərdə texnologiyalar parklarının həm sayı artıb, həm də orada fəaliyyət göstərən rezidentlərin fəaliyyət istiqamətləri genişlənib. Ona görə də həmin rezidentlərin vergitutma məsələləri ilə bağlı vergi ödəyicilərinin bir sıra suallarını cavablandırmaq zərurəti yaranıb.
Altay Cəfərov nümunələr əsasında mövzuya aydınlıq gətirib.
Tutaq ki, “AA” MMC texnologiyalar parkının rezidentidir və 01.10.2025-ci il tarixdən ona rezidentlik şəhadətnaməsi verilib. Texnologiyalar parkının rezidentinin müəyyənləşdirilməsi üçün əvvəlcə Vergi Məcəlləsinin müvafiq maddəsində nəzərə yetirməliyik. Məcəllənin 13.2.53-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.
Vergi Məcəlləsinin 106.1.13-cü maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə mənfəət vergisindən azaddır.
Maddədən də aydın olur ki, texnologiyalar parkının rezidenti kimi “AA” MMC-nin 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixədək texnologiyalar parkında fəaliyyətdən əldə etdiyi gəlirləri 10 il müddətinə mənfəət vergisindən azaddır.
ƏDV-dən azadolmalar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənir. Məcəllənin həmin maddəsində texnologiyalar parkı üzrə ancaq aşağıdakı fəaliyyətlərin və ya əməliyyatların ƏDV-dən azad edilməsi göstərilib:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı.
Həmin tələblər ancaq texnologiyalar parkının idarəedici qurumuma və operatoruna aiddir. Ancaq “AA” MMC texnologiyalar parkının rezidentidir. Ona görə də 164.1.15.-ci maddə üzrə olan əməliyyatların ƏDV-dən azad olması ona aid deyildir.
Bundan əlavə, Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV-dən azaddır.
Ona görə də əgər “AA” MMC texnologiyalar parkının rezidenti kimi orada fəaliyyətinin formalaşdırılması üçün hər hansı bir avadanlıq, texnika, qurğu idxal edərsə, 10 il müddətinə idxaldan ƏDV ödəməyəcək. Nəticə olaraq, texnologiyalar parkının rezidentinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə görə hər hansı ƏDV-dən azadolmalar kimi güzəştlər verilməyib. Ona görə də “AA” MMC təqdim etdiyi işlərə və xidmətlərə görə 18% ƏDV ödəyəcək.
Bundan əlavə, Vergi Məcəlləsinin 199.7-ci və 207.3-cü maddələrində də texnologiyalar parklarının rezidentləri üçün tələblər yer alıb. Məcəllənin 199.7-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.
Vergi Məcəlləsinin 207.3-cü maddəsində isə göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.
Yuxarıdakı maddələrdən konkret görünür ki, texnologiyalar parkının rezidentinin texnologiyalar parkında olan əmlakı əmlak vergisindən azaddır. Həmçinin, texnologiyalar parkında istifadə etdikləri torpaqları torpaq vergisindən azaddır.
Dividendlərlə bağlı Vergi Məcəlləsinin aşağıdakı maddələri mövcuddur:
102.1.21-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir vergisindən azaddır.
106.1.13-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə vergidən azaddır.
Həmçinin, texnologiyalar parkının rezidentlərinin işçilərinə də müəyyən tələblər qoyulub. “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsində göstərilib ki, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.
Qanundan da aydın olur ki, texnologiyalar parkının rezidentinin işçilərinə iki qaydada MDSS-lərin ödənilməsi tələbi qoyulub:
Birinci hal kimi minimum əməkhaqqının 4 mislindən (400 manat * 4= 1600 manatdan) MDSS-lərin hesablanması və 1600 manatdan yuxarı olan hissə MDSS cəlb edilməyəcək.
İkinci hal kimi isə normal qaydada faktiki aylıq əməkhaqqından tutulmalar və hesablamaların aparılması nəzərdə tutulub.
Nəticə olaraq, aşağıdakıları qeyd edək:
- “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkında fəaliyyətindən və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirilməsindən əldə etdiyi gəlirləri mənfəət vergisindən azaddır.
- “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkındakı əmlakından və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirilməsi üçün istifadə etdiyi əmlak əmlak vergisindən azaddır.
- “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkındakı torpağı və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirilməsi üçün istifadə etdiyi torpaq torpaq vergisindən azaddır.
- “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkındakı gəlirləri və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirməsindən əldə etdiyi gəlirləri üzrə dividend ödəmələri dividend vergisindən azaddır.
- Əgər “AA” MMC texnologiyalar parkının rezidenti kimi orada fəaliyyətin formalaşdırması üçün hər hansı bir avadanlıq, texnika, qurğu idxal edərsə, 10 il müddətinə gömrükdə idxaldan ƏDV ödəməyəcək.
- Həmçinin, texnologiyalar parkının rezidentinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə görə hər hansı ƏDV-dən azadolmalar kimi güzəştlər verilməyib. Ona görə də “AA” MMC təqdim etdiyi işlərə və xidmətlərə görə 18% ƏDV ödəyəcək.
- Bundan əlavə, bütün güzəştlər ancaq 01.10.2025-ci ildən başlayaraq “AA” MMC-yə tətbiq olunacaq. Məsələn, 01.10.2025-ci il tarixinə kimi gəlirləri 50.000 manat və 01.10.2025-ci il tarixdən 31.12.2025-ci il tarixinə kimi 100.000 manat gəliri olarsa, onda ümumi 150.000 manat yox, ancaq 100.000 manat mənfəət vergisindən azad olunacaq.