logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?

  • Bloq
  • 28-yan-2026, 11:11
  • 7
Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?

Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?


Sadələşdirilmiş vergi Azərbaycan Respublikasında bir sıra sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş xüsusi vergi rejimidir. Bu sistemin əsas məqsədi vergi uçotunu sadələşdirmək, sahibkarların inzibati xərclərini azaltmaq və könüllü vergiödəmə səviyyəsini yüksəltməkdən ibarətdir. Lakin qanunvericilik bu vergi rejimini bütün vergi ödəyicilərinə universal şəkildə tətbiq etmir. Bəs sadələşdirilmiş vergi rejimi hansı sahibkarlıq subyektlərinə şamil olunmur və səbəbi nədir? Suala Nurlan Mustafayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 218.5-ci maddəsində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun məhdudlaşdırıldığı subyektlər açıq şəkildə müəyyən edilib.

1. Dövriyyə həddini aşan vergi ödəyiciləri

Vergi Məcəlləsinin 218.1.1.-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olan vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri ola bilməzlər. Burada istisna hal kimi ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə vergi rejimini dəyişməməyə imkan verilir. Vergi Məcəlləsinin 218.1.2.-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatı keçdikdə belə, Vergi Məcəlləsinin 220.1-1. maddəsinə əsasən, ƏDV qeydiyyatına alınmadan dövriyyədən 2% yox, 8% (əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6% dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır) vergi ödəməklə sadələşdirilmiş vergi ödəyicisi hüququnu saxlaya bilərlər.

Misal 1: Bakı şəhərində fəaliyyət göstərən restoranın illik dövriyyəsi 270.000 manatdır. Restoran sahibi ƏDV ödəyicisi ola və ya sadələşdirilmiş vergi ödəyicisi kimi qalaraq dövriyyədən 8% vergi ödəyə bilər (Vergi Məcəlləsi, 220.1-1). Lakin eyni dövriyyəyə malik pərakəndə ticarətlə məşğul olan mağaza mütləq ƏDV qeydiyyatına durmalıdır.

2. Aksizli və məcburi nişanlama ilə nişanlanan malların istehsalı

Vergi Məcəlləsinin 218.5.1-ci maddəsinə əsasən, aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan malların istehsalı ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu norma dövlətin fiskal maraqları ilə sıx bağlıdır. Aksizli məhsullar (alkoqollu içkilər, tütün məmulatları və s.) yüksək gəlirlilik və sosial risk daşıdığı üçün bu sahədə fəaliyyət göstərən subyektlərin tam vergi nəzarəti altında olması zəruri hesab edilir.

Misal 2: Alkoqollu içki istehsal edən müəssisənin illik dövriyyəsi 100.000 manat olsa belə, bu müəssisə sadələşdirilmiş vergi ödəyicisi statusu əldə edə bilməz və mütləq ƏDV və mənfəət vergisi rejimində fəaliyyət göstərməlidir.

3. Maliyyə və kapital bazarı subyektləri

Vergi Məcəlləsinin 218.5.2-ci maddəsinə əsasən, aşağıdakı subyektlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz:

1. Kredit təşkilatları;
2. Sığorta bazarının peşəkar iştirakçıları;
3. İnvestisiya fondları və onların idarəçiləri;
4. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;
5. Lombardlar.

Qanunvericilik bu sahələri yüksək peşəkarlıq, risk və gəlirlilik səviyyəsinə malik fəaliyyətlər kimi qiymətləndirir və onların sadələşdirilmiş vergi rejimindən istifadəsini məqsədəuyğun saymır.

Xüsusi istisna hal kimi, Vergi Məcəlləsinin 218.5.2-1-ci maddəsinə əsasən, icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə 218.5.2 və 218.5.10-cu maddələrin müddəaları tətbiq edilmir.

Misal 3: İcbari avtomobil sığortası üzrə fəaliyyət göstərən sığorta agenti sadələşdirilmiş vergi ödəyicisi ola bilər, lakin könüllü sığorta məhsulları təqdim edən agent bu hüquqdan məhrumdur.

4. Qeyri-dövlət pensiya fondları

Vergi Məcəlləsinin 218.5.3-cü maddəsi qeyri-dövlət pensiya fondlarının sadələşdirilmiş vergi ödəyicisi olmasını qadağan edir.

5. Əmlakın icarəyə verilməsi və royalti gəlirləri

Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Bu fəaliyyət növləri fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyəti sayılır və ödəmə mənbəyində, Vergi Məcəlləsinin 124.1.-ci maddəsinə əsasən, 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergi tutulur.

Misal 4: Hüquqi şəxs balansında olan binanı icarəyə verir. Bu halda, dövriyyəsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi statusu əldə edə bilməz.

6. Təbii inhisar subyektləri

Vergi Məcəlləsinin 218.5.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya elektrik enerjisi, su təchizatı və rabitə sahəsində fəaliyyət göstərən qurumlar daxildir.

7. Əsas vəsaitlərin qalıq dəyəri nüansı

Vergi Məcəlləsinin 218.5.6-cı maddəsinə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Misal 5: İstehsal fəaliyyəti ilə məşğul olan müəssisənin:
dövriyyəsi – 150.000 manat;
işçi sayı – 8 nəfər;
əsas vəsaitlərin qalıq dəyəri – 1.600.000 manat.

Müəssisə dövriyyə baxımından uyğundur (150.000 < 200.000), işçi sayı da uyğundur (8 < 10), yəni normalda sadələşdirilmiş vergi ödəyicisi ola bilərdi. Amma buna baxmayaraq, yalnız əsas vəsaitlərin qalıq dəyərinə görə (1.600.000> 1.000.000) bu hüququ itirir.

8. Publik hüquqi şəxslər

Vergi Məcəlləsinin 218.5.7-ci maddəsinə əsasən, publik hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Bu məhdudiyyət publik hüquqi şəxslərin ictimai maraqlara xidmət edən xüsusi statusu ilə əlaqələndirilir.
Nümunələr:

Müəllif Hüquqları Agentliyi;
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.

9. İstehsal fəaliyyətində işçi sayı məhdudiyyəti

Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, rüb ərzində işçilərinin orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyəti subyektləri sadələşdirilmiş vergi ödəyicisi statusunu itirirlər. Bu norma mikro istehsal subyektlərinin qorunmasına yönəlib.

10. Topdansatış ticarəti

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən, topdansatış ticarəti ilə məşğul olan şəxslər, dövriyyəsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Yəni topdansatış fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər, müvafiq olaraq, mənfəət və ya gəlir vergisi ödəyiciləridir. Bu fəaliyyət üzrə ardıcıl 12 aylıq dövriyyə 200.000 manatdan yuxarı olduğu halda, vergi ödəyicisi məcburi ƏDV qeydiyyatına alınmalıdır. Digər tərəfdən, 12 aylıq dövriyyə 200.000 manatdan aşağı olduğu halda isə topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər könüllü ƏDV qeydiyyatına müraciət etmək imkanına sahibdirlər.

11. Xidmətlərin göstərilməsi üzrə məhdudiyyət

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olan şəxslərə (əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara) iş və xidmət göstərən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Bu qayda əhaliyə göstərilən xidmətlərə şamil edilmir. Həmçinin, Məcəllənin 218.4.1-ci (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər) və 220.10-cu maddədə nəzərdə tutulan şəxslər üçün istisnalar mövcuddur. Bu yanaşmanın yaratdığı praktiki çətinliklər nəzərə alınaraq, 1 yanvar 2020-ci ildən etibarən xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üçün 30 faizlik hədd müəyyən edilib.

12. Qızıl, almaz və xəz-dəri məmulatlarının satışı üzrə məhdudiyyətlər

Vergi Məcəlləsinin 218.5.11-ci maddəsinə əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (istər emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş, istərsə də emal olunmamış və çeşidlənməmiş formada) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Məcəllənin 218.5.12-ci maddəsində isə göstərilib ki, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ istisna edilir.

Misal 6: Zərgərlik məmulatlarının pərakəndə satışı ilə məşğul olan sahibkarın illik dövriyyəsi 110.000 manat olsa belə, o, qızıl məmulatlarının satışı ilə məşğul olduğuna görə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz və müvafiq olaraq, gəlir və ya mənfəət vergisi rejimində fəaliyyət göstərməlidir.

Qeyd edək ki, qızıl, almaz və xəz-dəri məmulatlarının satışı sahələrində məhsul vahidinin yüksək dəyərə malik olması, dövriyyənin real həcminin gizlədilməsi riskinin mövcudluğu və vergi inzibatçılığı baxımından geniş nəzarət mexanizmlərinə ehtiyacın yaranması qanunvericinin bu fəaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyicisi hüququnu məhdudlaşdırmasını əsaslandıran başlıca amillər kimi çıxış edir.

13. Lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Bu məhdudiyyətin əsaslandırılması ondan ibarətdir ki, lisenziya tələb edilən fəaliyyət sahələri, adətən, yüksək məsuliyyət, xüsusi nəzarət və peşəkarlıq tələbləri ilə xarakterizə olunur. Bu səbəbdən, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin sadələşdirilmiş vergi rejimi çərçivəsində fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmir. Məsələn, aptek fəaliyyəti üzrə lisenziyaya malik olan fiziki şəxs eyni zamanda digər sahibkarlıq fəaliyyəti, məsələn, məişət texnikasının pərakəndə satışı ilə məşğul olarsa, bu zaman o, yalnız lisenziyalı fəaliyyət üzrə deyil, ümumilikdə bütün fəaliyyəti üzrə gəlir vergisi ödəyicisi kimi uçota alınmalıdır və sadələşdirilmiş vergi ödəyicisi statusundan istifadə edə bilməz.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    28-yan-2026 | Bloq
  • Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    28-yan-2026 | Bloq
  • Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    27-yan-2026 | Bloq
  • “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    27-yan-2026 | Bloq
  • Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    26-yan-2026 | Bloq
  • Hüquqi şəxslərin öz işçiləri üçün ödədikləri kirayə haqqından nə qədər vergi tutulacaq?
    Hüquqi şəxslərin öz işçiləri üçün ödədikləri kirayə haqqından nə qədər vergi tutulacaq?
    26-yan-2026 | Bloq
  • Əlilliyi olan şəxslər üçün gəlir vergisi güzəşti hansı hallarda tətbiq olunur?
    Əlilliyi olan şəxslər üçün gəlir vergisi güzəşti hansı hallarda tətbiq olunur?
    23-yan-2026 | Bloq
  • Gecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?
    Gecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?
    23-yan-2026 | Bloq
  • Mənfəət vergisindən azad olunan əməliyyatlarda diqqət yetirilməli məqamlar
    Mənfəət vergisindən azad olunan əməliyyatlarda diqqət yetirilməli məqamlar
    22-yan-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech